«Yapı Kredi» beynəlxalq bazarlardan 414 milyon dollar vəsait cəlb edib

22:03 - 29.07.2026


29 iyul, Fineko/abc.az. Türkiyənin aparıcı maliyyə təşkilatlarından biri olan «Yapı Kredi» iki xarici investordan 10–12 il müddətinə ümumilikdə 300 milyon dollar və 100 milyon avro (təxminən 414 milyon dollar) məbləğində uzunmüddətli resurs cəlb edib.

Əməliyyat bankın Pul Köçürmələrinə Əsaslanan Sekyuritizasiya Proqramı (DPR - Diversified Payment Rights) çərçivəsində gələcək nağd pul axınlarına (future flow) söykənərək həyata keçirilib.

«Yapı Kredi»nin İcraçı Direktoru (CEO) Gökhan Erün bildirib ki, 414 milyon dollarlıq bu saziş qlobal investorların banka və Türkiyənin maliyyə sisteminə olan etimadını növbəti dəfə təsdiqləyir:

"Bu DPR əməliyyatı ilə fərqli investorlarla uzunmüddətli əməkdaşlığımızı gücləndirir, maliyyələşmə quruluşumuzu daha balanslı və şaxələndirilmiş formaya gətiririk. Önümüzdəki dövrdə də real sektoru dəstəkləyəcək davamlı maliyyə resursları yaratmağa davam edəcəyik."