17:24 - 29.07.2026
29 iyul, Fineko/abc.az. İlon Mask ABŞ-dəki ödənişli "X" abunəçiləri üçün rəqəmsal pul kisəsi rolunu oynayacaq "X Money" xidmətini istifadəyə verir.
İstifadəçilərə dərhal "Apple Pay"ə inteqrasiya edilə bilən və tətbiq daxilində komissiyasız, limitsiz anlıq köçürmələr etməyə imkan verən "X Visa" bank kartı təqdim olunur. Eyni zamanda, xaricdə əməliyyat rüsumu olmayan və qlobal miqyasda bankomatlardan ödənişsiz nağd pul çıxarılmasını təmin edən fiziki "X Visa" kartını sifariş etmək mümkündür.
Xidmətin əsas imkanları:
• 3% CashBack: Müəyyən alış-verişlərdə 3%-dək kəşbək qazanmaq imkanı.
• İllik 6%-dək gəlirlilik: "X Money"də saxlanılan vəsaitlərə illik 6%-dək mənfəət tətbiq edilir. "Premium+" abunəçiləri birbaşa 6%, standart "Premium" istifadəçiləri isə 4% gəlir dərəcəsi əldə edirlər (aylıq ən azı $1000 köçürmə alanların dərəcəsi 6%-ə qaldırılır).
• Tezlaşdırılmış ödənişlər: Birbaşa əməkhaqqı depozitləri üzrə ödənişlərə bir neçə gün tez çıxış imkanı.
"X Money" xidməti İlon Maskın 1999-cu ildə "X.com" maliyyə platformasını qurması ilə başlayan onilliklər boyu davam edən xəyalının tərkib hissəsidir. Mask sosial şəbəkəni bütün maliyyə və kommunikasiya xidmətlərini özündə birləşdirən "hər şey tətbiqinə" (everything app) çevirmək niyyətindədir.
27 İyul 2026