TPAO Kərkükdə BP layihəsinə qoşulub

21:32 - 29.07.2026


29 iyul, Fineko/abc.az. Türkiyənin dövlət neft şirkəti TPAO İraqın şimalında yerləşən yataqların işlənməsində iştirak edən BP Energy Company of Kirkuk Limited-də 15% pay əldə edib.

Bu barədə Türkiyə Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sövdələşmədən sonra TPAO BP və ConocoPhillips ilə konsorsiuma qoşulacaq. Tərəfdaşlar layihəni inkişaf etdirməyi və hasilatı artırmağı planlaşdırır. Layihənin resursları 3 milyard bareldən çox neft ekvivalentində qiymətləndirilir.

Layihə Kərkük yatağını (Baba və Avana qübbələri), həmçinin Bay-Həsən, Cambur və Habbaz yataqlarını əhatə edir. İşlər 2018-ci ildə İraq ilə BP arasında imzalanmış saziş çərçivəsində aparılır.
Neft ixracı İraqın şimalını Türkiyənin Aralıq dənizi limanı ilə birləşdirən Kərkük–Ceyhan boru kəməri vasitəsilə həyata keçirilir.