Bu dövrdə bankların öhdəliklərinin əsas hissəsini depozitlər formalaşdırıb

10:53 - 29.07.2026


29 iyul, Fineko/abc.az. Bankların öhdəliklərinin əsas hissəsini ənənəvi olaraq depozitlər formalaşdırıb.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, iyunun sonuna depozit portfeli 39 milyard 743,7 milyon manat olub ki, bu da ümumi öhdəliklərin 74,6%-ni təşkil edib.

Depozitlərin 22 milyard 315,2 milyon manatı və ya 56,1%-i hüquqi şəxslərin, 17 milyard 428,5 milyon manatı və ya 43,9%-i fiziki şəxslərin payına düşüb.

Fiziki şəxslərin əmanətlərinin 12 milyard 476,1 milyon manatı və ya 71,6%-i milli valyutada, 4 milyard 952,4 milyon manatı və ya 28,4%-i xarici valyutada saxlanılıb.

Əmanət portfelinin 11 milyard 344,8 milyon manatı və ya 65,1%-i müddətli əmanətlərdən ibarət olub. İyun ayında fiziki şəxslərin müddətli əmanətləri 129,6 milyon manat və ya 1,2% artıb.

Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 895,6 milyon manat olmaqla, onların ümumi depozit portfelinin 75,7%-ni təşkil edib.

İyun ayı ərzində bank sektorunda unikal müddətli əmanətçilərin sayı 4 485 nəfər və ya 2,1%, ilin əvvəlindən isə 26 475 nəfər və ya 13,6% artaraq 220,6 min nəfərə çatıb.