Smartfon istehsalı xərclərində çiplərin payı hazırda 50%-ə yaxınlaşıb

16:18 - 5.06.2026


5 iyun, Fineko/abc.az. Dünya üzrə süni intellekt məlumat serverlərinə yatırımların artması yaddaş və çip xərclərinin yüksəlməsinə, eləcə də təchizat problemlərinə səbəb olur.

ABC.AZ xəbər verir ki, “General Mobile" şirkətinin baş direktor müavini İlkay Cihaner smartfon bazarı ilə bağlı deyib:

“Qlobal bazarda smartfon seqmentində çox ciddi böhran yaşanır. Süni intellekt məlumat serverlərinə yatırımların artması yaddaş və çip xərclərinin yüksəlməsinə səbəb olub. Nəticədə qlobal bazarda birinci rübdə 2,9%-lik azalma qeydə alınıb. 2026-cı il üzrə bütün proqnozlar sektorun ötən illə müqayisədə təxminən 13% azalacağını göstərir. Bu, sektorun getdiyi istiqamət baxımından mühüm dönüş nöqtəsinə işarə edir”.

İlkay Cihaner bildirib ki, smartfon istehsalı xərclərində əvvəllər 15% olan çiplərin payı hazırda 50%-ə yaxınlaşıb.

Cihaner qeyd edib:

“Yaddaş qiymətlərində ötən illə müqayisədə 6 dəfəyədək artım baş verib. Smartfonun maya dəyərində yaddaşın payı əvvəllər 15% olduğu halda, hazırda bu göstərici 45-50% səviyyəsinə yüksəlib. İlin əvvəlindən bu yana pərakəndə satış qiymətlərinə əks olunan artım təxminən 15% səviyyəsindədir. İlin sonunadək isə ümumi bahalaşmanın 35-40% aralığında olacağı gözlənilir. Xüsusilə aşağı və orta seqmentdə maya dəyərinin artımı yuxarı və premium seqment cihazlarla müqayisədə daha güclü təsir göstərib. Süni intellekt məlumat mərkəzlərinə yatırımlar həyata keçirilərkən yaddaş və çip istehsalçıları ilə razılaşmalar növbəti 6 ay və ya 1 il üçün deyil, qarşıdakı 5 il üçün bağlanır. Bu isə böhranın qısa müddətli və müvəqqəti bir dalğalanma olmadığını göstərir. 2028-ci ilədək bu artım tendensiyasının davam edəcəyini görürük”.