ABŞ İranın dörd böyük kriptovalyuta birjasına sanksiya tətbiq etdi

10:26 - 4.06.2026


4 iyun, Fineko/abc.az. ABŞ Maliyyə Nazirliyi "İqtisadi Qəzəb" (Economic Rage) proqramı çərçivəsində İranın rəqəmsal aktivlər sektorunu hədəf alan genişmiqyaslı yeni sanksiya qərarlarını elan edib.

ABC.AZ xəbər verir ki, nazirliyin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İranın ən böyük kriptovalyuta birjası olan "Nobitex" daxil olmaqla ümumilikdə dörd platformanı və "Nobitex"in rəhbər heyətini sanksiya siyahısına (SDN) daxil edib. Siyahıya əlavə edilən digər birjalar "Wallex", "Bitpin" və "Ramzinex" platformalarıdır.

ABŞ-ın maliyyə naziri Skott Bessent  mövzu ilə bağlı açıqlamasında bildirib ki, rəsmi Tehran sanksiyaları dəlmək və kapitalı ölkədən çıxırmaq üçün rəqəmsal aktiv texnologiyalarından bir alət kimi istifadə edir. Nazir İranın nüvə silahı hazırlamasının qarşısını almaq məqsədilə maliyyə hərəkətliliyini həm ənənəvi bankçılıq, həm də kriptovalyuta bazarları üzərindən ciddi şəkildə izləməyə davam edəcəklərini diqqətə çatdırıb.