ING: Yaxın Şərqdəki vəziyyət və ABŞ göstəriciləri dolları dəstəkləyir

22:00 - 4.06.2026


4 iyun, Fineko/abc.az. "ING" beynəlxalq maliyyə qrupunun strateqləri tərəfindən hazırlanan hesabatda ABŞ-da açıqlanan güclü iqtisadi göstəricilər və ABŞ-İran gərginliyi fonunda ABŞ dollarının mövqeyinin güclənməkdə davam etdiyi bildirilib.

ABC.AZ xəbər verir ki, Frantisek Taborski (Frantisek Taborsky), Françesko Pezole (Francesco Pesole) ve Kris Törner (Chris Turner) tərəfindən qələmə alınan təhlildə hazırkı mərhələdə dolların güclənmə trendinin qarşısını almağın çətin olduğu vurğulanıb.

Hesabatda öndə çıxan əsas proqnozlar və rəqəmlər:

  • Dolar İndeksi (DXY): Güclü ADP özəl sektor məşğulluq hesabatı, İSM xidmət indeksi və qlobal bazarlardakı riskdən qaçış meylləri dolları qidalandırır. Yaxın günlərdə Yaxın Şərqdən müsbət xəbərlər gəlməyəcəyi təqdirdə Dolar İndeksinin 100 bənd səviyyəsinə çata biləcəyi proqnozlaşdırılır. Hazırda DXY 99,44 bənd səviyyəsində qərarlaşıb.

  • Avropa Mərkəzi Bankının (AMB) addımları: İyunun 11-də keçiriləcək iclasda AMB-nin depozit faizini 25 baz bəndi artıracağı gözlənilir. Strateqlərin fikrincə, requlyator inflyasiya gözləntilərini cilovlamaq üçün "şahin" (sərt) ritorikasını qoruyub saxlayacaq.

  • Məzənnə proqnozu (EUR/USD): Cari qlobal geosiyasi şəraitdə risklərin yüksək olduğunu bildirən ekspertlər, Körfəz regionundakı gərginlik azalmayacağı təqdirdə avronun dollara qarşı məzənnəsinin (EUR/USD) 1,15 səviyyəsinə qədər geriləyə biləcəyini ehtimal edirlər.