MİDA indiyədək 14 mindən çox əlçatan mənzil istifadəyə verib

15:32 - 21.05.2026


21 may, Fineko/abc.az. “Agentliyə ayrılmış torpaq sahələrində ərazi planlaşdırılması, layihələndirmə və memarlıqla bağlı siyasətlər həyata keçirilir. Xəritədən də göründüyü kimi, fəaliyyətimiz yalnız Bakı şəhəri ilə məhdudlaşmır, ölkəmizin bir çox regionlarını da əhatə edir”​.

ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyində Aparat rəhbəri Cəmşid Əmirov Azərbaycan Pavilyonunda Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbir zamanı deyib.

O bildirib ki, agentlik ümumilikdə 19 layihə həyata keçirib və bu günə qədər 11 layihə üzrə tikinti işləri tamamlanıb: “Bu layihələr çərçivəsində 14 mindən çox əlçatan mənzil istifadəyə verilib. Eyni zamanda məmnunluqla qeyd etmək istərdim ki, işğaldan azad edilmiş ərazilərdə üç layihənin icrası da artıq başa çatdırılıb.

Fəaliyyətimizin əsas mərhələlərinə nəzər salsaq, ilk olaraq agentlik gələcək layihələrin həyata keçirilməsi üçün əlverişli torpaq sahələrinin müəyyənləşdirilməsi məqsədilə davamlı araşdırmalar aparır. Bu zaman iş yerlərinə yaxınlıq və ekoloji baxımdan təmiz ərazilərin seçilməsi xüsusi önəm daşıyır.

İkinci mərhələdə müvafiq torpaq sahələrinin ayrılması üçün dövlət qurumlarına müraciət edilir. Torpaq sahələri ayrıldıqdan sonra isə layihələndirmə prosesində tikinti standartları, təhlükəsizlik tələbləri və enerji səmərəliliyi kimi amillərə xüsusi diqqət yetirilir”.