Gəncənin ikinci böyük şəhərə çevrilməsi nəzərdə tutulur

15:25 - 21.05.2026


21 may, Fineko/abc.az. Hazırda ölkənin ikinci ən böyük şəhəri əhali sayına görə Sumqayıt olsa da, 20 illik baş plana əsasən Gəncənin ikinci böyük şəhərə çevrilməsi nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazi planlaşdırılması şöbəsinin müdir müavini Şahnaz Bədəlova deyib.

O qeyd edib ki, Gəncədə 200 hektarlıq böyük park mövcuddur:

"Lakin park şəhər mərkəzindən uzaqda yerləşdiyi və ora aparan yaşıl dəhlizlər olmadığı üçün sakinlər ondan aktiv istifadə etmirlər. İnsanlar adətən evinə yaxın, rahat çıxışı olan ictimai məkanlara üstünlük verirlər. Məhz buna görə yeni baş planda xüsusi yaşıl dəhlizlərin yaradılması nəzərdə tutulur. İnsan psixologiyası göstərir ki, əgər şəhərdə piyada üçün əlverişli küçələr və yaşıl keçidlər formalaşdırılarsa, sakinlər park və ictimai məkanlardan daha çox istifadə edəcəklər.

Bu yanaşma vasitəsilə şəhər planlarına psixoloji və sosial elementlər daxil etmək mümkündür. Nəticədə isə daha dayanıqlı, çevik və insan yönümlü şəhərlər formalaşır. Bu səbəbdən düşünürəm ki, gələcəyin şəhərsalma planlarında psixologiya, sosiologiya, ictimai səhiyyə və nəqliyyat sahələrinin ekspertləri planlaşdırma prosesinə daha fəal şəkildə cəlb edilməlidirlər".