15:41 - 21.05.2026
21 may, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi binalar əsasən, Bakını, digərləri isə Sumqayıt, Lənkəran, Şirvan, Yevlax şəhərləri və Gəncə bölgəsini əhatə edir.
ABC.AZ xəbər verir ki, bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Cəmşid Əmirov Azərbaycan Pavilyonunda Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbir zamanı deyib.
Onun sözlərinə görə, mənzillərin üstünlüklərinə gəldikdə isə, bir sıra mühüm məqamları qeyd etmək olar:
"Belə ki, vətəndaşlara təklif olunan mənzillərin qiyməti bazar dəyərindən təxminən 25 faiz və ya daha çox aşağıdır. Bundan əlavə, aşağı faizli uzunmüddətli ipoteka krediti imkanından istifadə etmək mümkündür. Bu halda ilkin ödəniş məbləğin cəmi 10 faizini təşkil edir.
Mənzillər vətəndaşlara tam təmirli şəkildə, mətbəx mebeli və istilik sistemi ilə təchiz olunmuş formada təqdim edilir. Eyni zamanda yaşayış kompleksləri şəhərin ekoloji cəhətdən təmiz, təhlükəsiz və əlverişli ərazilərində yerləşir.
Layihələndirmə zamanı sosial infrastruktur amilləri də nəzərə alınır. Buraya məktəblər, uşaq bağçaları, zəruri hallarda tibb müəssisələri, geniş həyətlər, yaşıllıq zonaları, uşaq meydançaları və velosiped yolları daxildir. Komplekslərin ictimai nəqliyyata çıxışı da təmin olunur. Bu gün texnologiyalar dövlət idarəçiliyinə daha yüksək səmərəlilik əldə etmək üçün geniş imkanlar yaradır. Bu yanaşmadan istifadə edərək, biz rəqəmsal həlləri də inkişaf etdirmişik”.
3 İyun 2026
3 İyun 2026