15:19 - 21.05.2026
21 may, Fineko/abc.az. Azərbaycan şəhərlərində yeni "yaşıl dəhlizlər"in yaradılması nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazi planlaşdırılması şöbəsinin müdir müavini Şahnaz Bədəlova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Neyro-urbanizm: Şəhərlər beyni, davranışı və psixi rifahı necə formalaşdırır?" adlı tədbirdə bildirib.
"Biz deyirik ki, şəhərləri hamı üçün qururuq. Əgər məqsəd həqiqətən hamı üçün şəhər yaratmaqdırsa, o zaman gələcəyin baş planlarını yalnız bir peşə qrupu, yaxud bir qurum hazırlaya bilməz. Şəhərsalma olduqca mürəkkəb sistemdir, gələcəyin planlaşdırılması prosesində urbanistlər, memarlar, psixoloqlar, nəqliyyat mütəxəssisləri, ictimai səhiyyə ekspertləri və digər sahələrdən olan tədqiqatçılar birlikdə çalışmalıdırlar. Çünki şəhərsalmanın mühüm hissələrindən biri zonalaşdırma planıdır və bu, təkcə kağız üzərində hazırlanan sxemlərlə məhdudlaşmamalıdır.
Biz hər bir şəhər üçün ideal zonalaşdırma planı hazırlaya bilərik, lakin həmin plan insan davranışı və gündəlik istifadə vərdişləri nəzərə alınmadan effektiv olmayacaq. Məsələn, şəhərdə rahat və təhlükəsiz piyada yolları yoxdursa, insanlar həmin məkanlardan istifadə etməyəcəklər. Yaşıl dəhlizlər yoxdursa, daha yaşıl və yaşana bilən şəhərlər yaratmaq mümkün olmayacaq", - deyə o qeyd edib. ©Report
3 İyun 2026
3 İyun 2026