15:36 - 29.07.2026
29 iyul, Fineko/abc.az. Almaniyanın avtomobil nəhəngi «BMW» xərcləri optimallaşdırmaq və çinli rəqiblərlə mübarizədə rəqabət qabiliyyətini artırmaq məqsədilə minlərlə əməkdaşına könüllü işdən çıxma paketi təklif etməyə hazırlaşır.
Mənbələrin verdiyi məlumata görə, şirkət qlobal miqyasda planlaşdırdığı 8 min nəfərlik ixtisarın böyük hissəsini Almaniyadakı ştatların payına salacaq. Könüllü təqaüd və işdən ayrılma proqramı əsasən tədqiqat və işlənmə (R&D), planlaşdırma və digər korporativ bölmələrin əməkdaşlarına şamil olunacaq, zavod xətlərində çalışan fəhlələrə isə toxunmayacaq.
Proqramın 2026-cı ilin oktyabr ayında başlayaraq 2027-ci ilə qədər davam etməsi gözlənilir. Şirkətin sözçüsü Almaniyada struktur dəyişiklikləri ilə bağlı İşçi Şurası ilə razılıq əldə olunduğunu təsdiqləyib.
Almaniya konserni xüsusilə ən böyük bazarı olan Çində tələbatın kəskin düşməsi, Yaxın Şərqdəki geosiyasi gərginlik və ABŞ-nin gömrük rüsumlarının yaratdığı maliyyə təzyiqləri ilə mübarizə aparır. Keçən ilin sonuna olan məlumata görə, «BMW»nin Almaniyada 87,4 min əməkdaşı çalışır ki, bu da şirkətin qlobal işçi qüvvəsinin yarısından çoxudur.
27 İyul 2026