12:00 - 28.07.2026
28 iyul, Fineko/abc.az. “Orange SA” və infrastruktur investisiyaları üzrə ixtisaslaşmış “Morrison” şirkəti Avropanın rəqəmsal suverenliyini gücləndirmək məqsədilə Fransada data mərkəzlərinin idarə olunması üzrə birgə müəssisə yaradır.
Məlumata görə, gücü 400 MVt olan platforma (“Orange”ın mövcud portfelindən təxminən 10 dəfə çox) təxminən 3 mlrd avro investisiya cəlb edəcək. Bu məbləğə operatorun aktivləri, “Morrison”un kapitalı və borc vəsaitləri daxildir.
Layihə süni intellekt, bulud texnologiyaları və böyük verilənlərə artan tələbat fonunda həyata keçirilir və Fransanın rəqəmsal infrastruktur üzrə əsas mərkəz kimi mövqeyini gücləndirməlidir. “Orange” beş data mərkəzi və əməliyyat təcrübəsi təqdim edəcək, “Morrison” isə maliyyə və infrastruktur sahəsində ekspertiza ilə iştirak edəcək. Sazişin ilin sonunadək imzalanması, bağlanmanın isə 2027-ci ilin I rübündə baş tutması gözlənilir.
27 İyul 2026