Mercedes-Benz Group satışların azalması fonunda mənfəətini artırıb

11:11 - 28.07.2026


28 iyul, Fineko/abc.az. II rübdə Mercedes-Benz Group xalis mənfəətini 13% artıraraq €1,1 mlrd-a çatdırıb. Bu, gəlirlərin 3% azalaraq €32,1 mlrd-a düşməsinə və avtomobil satışlarının 8% azalaraq 417,8 min ədəd təşkil etməsinə baxmayaraq baş verib. Səhmə düşən mənfəət 20% artaraq €1,14 olub.

Nəticələrə yeni modellərə yüksək tələbat və elektromobillər seqmentində kəskin artım dəstək verib: onların satışları 51% artıb, ümumi satışlarda payı isə 20,9%-ə (87,5 min avtomobil) çatıb. Eyni zamanda, Avropada bu modellərə sifarişlər iki dəfədən çox artıb.

Şirkətin baş direktoru Ola Källenius çətin bazar şəraitində biznesin dayanıqlığını və elektromobil xəttinin genişləndirilməsi strategiyasının effektivliyini vurğulayıb. Şirkət rentabelliyini qoruyur və sürətlə böyüyən elektromobil bazarında mövqelərini gücləndirir.