15:06 - 29.07.2026
29 iyul, Fineko/abc.az. Rusiya və Ukrayna arasında hücumların güclənməsi fonunda buğda fyuçersləri ardıcıl ikinci ticarət sessiyasında bahalaşıb. Bu vəziyyət dünyanın iki ən iri taxıl tədarükçüsünün ixrac perspektivləri üçün risklər yaradır.
Bu barədə Bloomberg yazır.
Vəziyyət Qara dənizdə gəmiçiliyə getdikcə daha çox təsir edir. “SovEcon” konsaltinq şirkəti Azov dənizində naviqasiyaya qoyulan məhdudiyyətlər səbəbindən cari mövsümdə Rusiya buğdasının ixracı üzrə proqnozunu təxminən 4% azaldıb. Eyni zamanda, Ukraynanın aqrar sektoru gəmilərə, limanlara və digər Qara dəniz infrastrukturuna hücumlar səbəbindən ixrac üçün ciddi nəticələrin yarana biləcəyi barədə xəbərdarlıq edib.
Dünya buğda tədarükünün dörddə birindən çoxu Rusiya və Ukraynanın payına düşür. Analitiklər hesab edirlər ki, iyul-sentyabr aylarında ixracda yaranacaq fasilələr regiondan tədarükü bir neçə milyon ton azalda bilər. Bu isə qiymətlərin artmasına və idxalçıların alternativ təchizatçılar axtarmasına səbəb ola bilər.
Çərşənbə günü Çikaqo birjasında ən aktiv buğda fyuçers müqaviləsi 1,5% bahalaşıb. Son bir ay ərzində qiymətlər təxminən 14% artıma doğru hərəkət edir ki, bu da 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsinin başlanmasından bəri ən yüksək dinamika hesab olunur.
27 İyul 2026