Vətəndaşlar “mygov” platforması üzərindən FHN-ə müraciət edə biləcəklər

11:20 - 4.08.2026


4 avqust, Fineko/abc.az. Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşların müraciət prosesini daha da asanlaşdırmaq, xidmətlərin rəqəmsallaşdırılması və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə növbəti yeniliyi tətbiq edib.

FHN-dən verilən məlumata görə, vətəndaşlar artıq nazirliyə və onun müvafiq alt qurumlarına elektron müraciətlərini “mygov” vahid dövlət xidmətləri platforması vasitəsilə təqdim edə biləcəklər.

Müraciət göndərmək üçün "mygov" platformasında "Dövlət qurumlarına rəsmi məktub" bölməsinə daxil olaraq FHN-i və ya onun aidiyyəti struktur bölməsini seçmək kifayətdir. Müraciətə FHN tərəfindən baxıldıqdan sonra hazırlanan rəsmi cavab birbaşa vətəndaşın "mygov" platformasındakı şəxsi kabinetinə ünvanlanacaq.