10:44 - 4.08.2026
4 avqust, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində yerləşən 535 güzəştli mənzilin satışını elan edib.
MİDA-dan verilən məlumata görə, mənzillərin seçimi 4 sentyabr 2026-cı il tarixində saat 11:00-dan 16:00-a qədər Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunmuş "Güzəştli mənzil" sistemi vasitəsilə onlayn qaydada keçiriləcək.
Satışa çıxarılan mənzillərin bölgüsü:
Şirvan Yaşayış Kompleksi (Naxçıvan küçəsi, 58A) — 528 mənzil;
Yevlax Yaşayış Kompleksi (Rəşad Budaqov küçəsi, 1) — 6 mənzil;
Lənkəran Yaşayış Kompleksi (Akademik Zərifə Əliyeva küçəsi, 303) — 1 mənzil.
Satışda yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olan vətəndaşlar iştirak edə biləcək. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (cihaz daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilib. Mənzillərin mülkiyyət hüquqlarına dair çıxarışları (kupçaları) hazırdır.