10:13 - 4.08.2026
4 avqust, Fineko/abc.az. Əvvəlki sessiyada kəskin ucuzlaşan neft qiymətləri çərşənbə axşamı günü Yaxın Şərqdən neft tədarükünün risklərlə üzləşməsi fonunda azca yüksəlib.
ABŞ və İran arasında hərbi gərginliyin diplomatik yolla həlli ehtimalının zəif qalması bazarda təklif qıtlığı narahatlığını artırıb. Oktyabr fyuçersləri üzrə "Brent" markalı neftin qiyməti 0,7% artaraq bir barel üçün 84,39 dollara yüksəlib. ABŞ-nin WTI markalı nefti də 0,7% bahalaşaraq 80,95 dollardan ticarət olunub.
İran Xarici İşlər Nazirliyinin ABŞ ilə hər hansı danışıqların aparılmadığını bildirməsi və Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları Qurumunun (UKMTO) Hörmüz boğazı yaxınlığında gəmiyə hücum edilməsi barədə xəbərdarlığı qiymətlərin yenidən dinamika qazanmasına səbəb olub. "Barclays" analitiklərinin məlumatına görə, Hörmüz boğazı vasitəsilə daşınan neft və neft məhsullarının xalis ixracı günlük 4,2 milyon barelə bərabərdir.