09:00 - 4.08.2026
4 avqust, Fineko/abc.az. “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində ölkədə avtonom (sürücüsüz) nəqliyyat vasitələrinin tətbiqini təmin edəcək hüquqi mexanizmlərin formalaşdırılması məqsədilə qanunvericiliyə dəyişikliklər edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib ki, dəyişikliklər yerüstü nəqliyyat növlərində avtonom texnologiyaların tətbiqi üçün normativ-hüquqi və institusional əsaslar yaradır. Qanunvericilikdə ilk dəfə olaraq “avtonom nəqliyyat vasitəsi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” anlayışları təsbit edilib, yüksək və tam avtomatlaşdırılmış idarəetmə səviyyələri müəyyənləşdirilib.
Qanunvericilik dəyişikliklərinin yaratdığı imkanlar:
Xüsusi marşrutlar üzrə hərəkət edən sürücüsüz avtobusların istismarı;
Sürücüsüz metro qatarlarının tətbiqi;
Logistika mərkəzləri və sənaye zonalarında fəaliyyət göstərən avtonom yük nəqliyyat vasitələrinin istifadəsi;
Uzaqdan idarə olunan tramvay və dəmir yolu sistemlərinin qanuni əsaslarla fəaliyyət göstərməsi.
Yeni qaydalara əsasən, avtonom nəqliyyat vasitələri yalnız dövlət qeydiyyatından keçdikdən və müəyyən edilmiş xüsusi ərazilərdə/zolaqlarda istismara buraxıldıqdan sonra fəaliyyət göstərə biləcək. Nəqliyyat vasitəsində sürücü olmasa belə, xüsusi şəhadətnamə əsasında fəaliyyət göstərən operatorlar məsafədən idarəetmə mərkəzindən sistemə nəzarət edəcək.
Bundan başqa, qanun layihəsində məlumatların real vaxt rejimində dövlət informasiya sistemlərinə ötürülməsi, bu məlumatların ən azı 6 ay müddətində saxlanılması və nəqliyyat vasitələrinə xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanının vurulması məcburi tələb kimi müəyyən olunub.