Manatın möhkəmlənməsi ölkəyə idxal olunan inflyasiyanı azaldır - AMB sədri

17:17 - 31.07.2026


31 iyul, Fineko/abc.az. Azərbaycan manatının möhkəmlənməsi ölkəyə idxal olunan inflyasiyanı azaldır.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank inflyasiya proqnozlarını hazırlayarkən bir neçə amili nəzərə alır və mövcud şəraitdə baza ssenarisi üzrə nikbin qiymətləndirmələr saxlanılır.

“İnflyasiyanın idarə olunmasında qiymətlərin artmasına təsir edən əsas amillər ticarət tərəfdaşlarımızdakı inflyasiya prosesləri və xərc amilləridir. Bu baxımdan əsasən kənd təsərrüfatı istehsalçı qiymətlərini izləyirik. İnflyasiyanı azaldan əsas amil isə nominal effektiv məzənnədir.

Çox sadə dillə desək, dünya bazarlarında enerji daşıyıcılarının qiymətləri artdıqda dollar indeksi də möhkəmlənir. Dollar indeksinin möhkəmlənməsi isə o deməkdir ki, manat digər valyutalara nisbətən də möhkəmlənir. Nəticədə idxal etdiyimiz ticarət tərəfdaşlarının valyutalarına qarşı manatın məzənnəsi güclənir və bu da ölkəyə daha az inflyasiya idxal etməyimizə səbəb olur. Nəzərə almalıyıq ki, qeyri-neft-qaz idxalımızın 80%-i enerji daşıyıcıları ixrac edən ticarət tərəfdaşlarının payına düşür”, – deyə Taleh Kazımov bildirib.