AMB inflyasiya proqnozunu artırıb: 2026-cı ildə 6,1% gözlənilir

10:32 - 31.07.2026


31 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş baza ssenarisinə əsasən, ölkədə illik inflyasiyanın 2026-cı ildə 6,1%, 2027-ci ildə isə 5,8% olacağı gözlənilir.

Regulyator bundan əvvəl inflyasiya proqnozunu 2026-cı il üçün 5,9%, 2027-ci il üçün isə 4,5% səviyyəsində elan etmişdi.

Mərkəzi Bankın açıqlamasında bildirilir ki, 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5,8%, illik baza inflyasiyası isə 5,5% təşkil edib. Qiymət artımı qida və tütün məhsulları üzrə 7,1%, xidmətlər üzrə 5,6%, qeyri-qida malları üzrə isə 3,8% olub.

AMB-dən qeyd olunub ki, proqnozun artırılması əsasən qlobal geosiyasi gərginlik fonunda enerji və ərzaq qiymətlərinin yüksəlməsi kimi xarici xərc amilləri ilə bağlıdır. Bu risklərin müvəqqəti xarakter daşıdığı və daxili tələb tərəfindən ciddi inflyasiya təzyiqinin gözlənilmədiyi, illik inflyasiyanın 2027-ci ilin II yarısından etibarən hədəf diapazonuna qayıdacağı vurğulanıb.