"Bulla-dəniz" yatağında növbəti quyunun qazma işləri tamamlanıb

15:44 - 30.07.2026


30 iyul, Fineko/abc.az. SOCAR AQŞ "Bulla-dəniz" qaz-kondensat yatağının 6 saylı stasionar dəniz özülündən (SDÖ) qazılan 118 saylı yüksək təzyiqli maili istismar quyusunda qazma və tamamlama işlərini yekunlaşdırıb.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Bildirilib ki, "Bulla-dəniz" yatağı 1975-ci ildə kəşf edilmiş və Bakı arxipelaqında yerləşən strateji əhəmiyyətli qaz-kondensat yataqlarından biridir. Yatağın işlənilməsi çərçivəsində həyata keçirilən bu layihənin əsas məqsədi qaz ehtiyatlarının daha dəqiq qiymətləndirilməsi və yeni qaz-kondensat quyusunun istismara verilməsi idi.

Məlumata əsasən, layihə çərçivəsində 118 nömrəli maili istismar quyusunda qazma işləri 5800 metr dərinliyədək "açar təhvili" prinsipi əsasında uğurla həyata keçirilib. Daha sonra 5.5 × 7 ölçülü istismar quyruq kəməri endirilərək kipliyə yoxlanılıb və sifarişçi SOCAR-ın "Azneft" İstehsalat Birliyinə təhvil verilib.

"Bulla-dəniz yatağının mürəkkəb geoloji xüsusiyyətlərinə və qazma prosesi zamanı müxtəlif dərinliklərdə rast gəlinən texniki çətinliklərə baxmayaraq, layihəni beynəlxalq standartlara uyğun, təhlükəsiz və yüksək keyfiyyətlə həyata keçirdik. Bu nəticə sifarişçimiz və podratçı tərəfdaşlarımızla səmərəli əməkdaşlığın, komandamızın peşəkarlığının və operativ mühəndis qərarlarının məntiqi nəticəsidir", - SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev bildirib.