Avtonəqliyyat sığortası üzrə ödənişlər 21%-dən çox artıb

12:35 - 28.07.2026


28 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) təqdim etdiyi göstəricilərə əsasən, 2026-cı ilin yanvar-iyun aylarında avtonəqliyyat sığortası üzrə 130,1 milyon manat sığorta haqqı toplanıb, 94,9 milyon manat sığorta ödənişi həyata keçirilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtonəqliyyat sığortası haqları 8,6% artmışdır. Toplanan yığımların 38,6 milyon manatı könüllü, 91,5 milyon manatı isə icbari avtonəqliyyat sığortası üzrə formalaşıb.

Müvafiq dövrdə avtonəqliyyat sığortası ödənişləri də keçən ilin eyni dövrü ilə müqayisədə 21,2% artaraq 94,9 milyon manata yüksəlib. Həyata keçirilən sığorta ödənişlərinin 19 milyon manatı könüllü, 75,9 milyon manatı isə icbari sığorta növünün payına düşüb.