Samuxda yeni tövlələr tikir - 80 min baş damazlıq qoyun saxlanacaq

11:18 - 28.07.2026


28 iyul, Fineko/abc.az. Samux rayonunda müasir standartlara cavab verən iri damazlıq heyvandarlıq kompleksinin yaradılması istiqamətində işlər davam etdirilir. Layihə çərçivəsində qoyunçuluq və camışçılıq sahələrinin inkişafı, ölkədə damazlıq heyvandarlığın gücləndirilməsi və yüksək məhsuldarlığa malik təsərrüfat modelinin formalaşdırılması nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, “Milagro Ganaderia” MMC-nin təsisçisi Fərid Mustafayev bildirib ki, hazırda təsərrüfat 1250 hektar ərazini əhatə edir. Bunun 250 hektarı pivot suvarma sistemləri ilə təmin olunmuş əkin sahəsi, qalan hissəsi isə otlaq kimi istifadə olunur.

Onun sözlərinə görə, hazırda təsərrüfatda 3600-ə yaxın xırdabuynuzlu heyvan saxlanılır. Növbəti mərhələdə yeni tövlələrin və müasir heyvandarlıq infrastrukturunun yaradılması planlaşdırılır. Məqsəd ekstensiv heyvandarlıq modelindən intensiv istehsal modelinə keçmək və damazlıq ana qoyunların sayını mərhələli şəkildə 70–80 min başa çatdırmaqdır.

F.Mustafayev qeyd edib ki, qoyunçuluq istiqamətində əsasən Azərbaycanın yerli Qaradolaq cinsi yetişdirilir. Bu cins həm Samux, həm də yaylaq kimi istifadə olunan Kəlbəcər ərazilərinin iqlim şəraitinə uyğunlaşması və yüksək ət məhsuldarlığı ilə seçilir.