İşğaldan azad olunmuş ərazilərin bərpasına ilin birinci yarısında 1,06 milyard manat xərclənib

14:40 - 27.07.2026


27 iyul, Fineko/abc.az. Cari ilin yanvar-iyun ayları ərzində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə təqdim edilmiş kassa sifariş sənədləri əsasında 1 milyard 64,1 milyon manat vəsait istifadə olunub.

Maliyyə Nazirliyindən verilən məlumata görə, bu göstərici illik nəzərdə tutulmuş vəsaitin 30,4 faizini təşkil edir.

Ayrılan vəsaitin böyük hissəsi — 974,1 milyon manatı infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilib.

O cümlədən, avtomobil yollarının tikintisinə 489,3 milyon manat, yeni yaşayış komplekslərinə 371,1 milyon manat, turizm infrastrukturuna 67,6 milyon manat, Şuşa, Xankəndi və Laçında kanat yollarının çəkilişinə 15,9 milyon manat, elektrotəchizata 15,3 milyon manat, su və tullantı xətlərinə 7,6 milyon manat, sənaye parklarının infrastrukturuna isə 7,3 milyon manat xərclənib.

Bundan başqa, ərazilərin minalardan təmizlənməsinə 45,3 milyon manat, səhiyyə və mədəniyyət yönümlü sosial obyektlərə 29,8 milyon manat, müdafiə və hüquq-mühafizə obyektlərinin tikintisinə isə 14,9 milyon manat ayrılıb.