Dövlət büdcəsinə neft-qaz sektoru üzrə daxilolmalar açıqlanıb

11:02 - 27.07.2026


27 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektoru üzrə daxilolmalar 8 milyard 198,2 milyon manat təşkil edib, bu da proqnozdan 0,3 % çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13,9 % azdır.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə neft-qaz sektorunun büdcə daxilolmalarındakı payı 42,7 % olub.

I yarımildə neft-qaz sektorundan daxilolmaların 21,7 %-i və yaxud 1 milyard 778,2 milyon manatı vergi orqanlarının xətti ilə, 78,3 %-i və yaxud 6 milyard 420 milyon manatı isə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin payına düşüb.

Vergi orqanlarının xətti ilə daxil olmuş vəsaitlərinin 47,4 %-i və yaxud 843,5 milyon manatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi vergilər, 41,1 %-i və yaxud 730,4 milyon manatı "Şahdəniz" yatağı üzrə mənfəət vergisi, 11,5 %-i və yaxud 204,3 milyon manatı isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin mənfəət vergisinin hesabına formalaşıb.