Əti Azərbaycana 4 manata gətirib, 20 manata satırlar

14:38 - 19.05.2026


19 may, Fineko/abc.az. Bu ilin ilk dörd ayında Azərbaycana xarici ölkələrdən 37,3 milyon dollar dəyərində 15 min 531 ton ət gətirilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 1 131 ton (6,8%) azalıb, dəyər ifadəsi ilə 3 milyon 283 min dollar (9,7%) artıb.

Xatırladaq ki, 2025-ci ilin ilk dörd ayında Azərbaycana 34 milyon dollar dəyərində 16 min 662 ton ət idxal edilib.

Bu ilin yanvar-aprel ayında ölkəyə gətirilən ətin bir kiloqramı üçün orta idxal qiyməti 2,4 dollar (4,1 manat) olub. Bu da, əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,35 dollar (60 qəpik) və ya 17,1% bahalaşma deməkdir.

Qeyd edək ki, ötən ilin yanvar-aprel ayında ölkəyə idxal olunmuş ətin bir kilqramı üçün orta qiyməti 2,05 dollar (3,5 manat) olmuşdu.

Hazırda ölkə daxilində yerli ətin 1 kiloqramının qiyməti rəsmi məlumata görə 16-17 manat, müşahidələrə görə isə 20-22 manatdır.