Bakıda böyük sərgi keçiriləcək - 300 şirkət qatılacaq

15:04 - 9.04.2026


9 aprel, Fineko/abc.az. Azərbaycanda beynəlxalq sərgilər mövsümünə may ayında kənd təsərrüfatı və qida sənayesi üzrə regionun ən böyük sərgiləri ilə start veriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə sərgilərin təşkilatçıları "Caspian Event Organisers" şirkətindən məlumat verilib.

Bildirilib ki, mayın 5-8-də Bakı Ekspo Mərkəzində artıq milli brendə çevrilmiş "Caspian Agro Week" - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də "Horeca Caspian" - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyi sərgilərə təşkilati dəstək göstərir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) bu sərgiləri dəstəkləyirlər.

Bu il sərgilər bir sıra yeniliklərlə yadda qalacaq. Daha öncə "Caspian Agro" adı ilə tanınan sərgi 2026-cı ildən etibarən yeni brend - "Caspian Agro Week" adı ilə təşkil edilərək, Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu kimi təqdim olunur. Təşkilatçılar hesab edirlər ki, yenilənmiş və genişlənmiş konsepsiya sərgiyə yeni təkan verəcək, həm iştirakçılar, həm də ziyarətçilər üçün daha geniş netvörkinq, sektorlararası əməkdaşlıq və effektiv biznes dialoqu üçün şərait yaradacaq. Hazırda aktiv şəkildə sərgilərə hazırlıq prosesi davam edir. İndiyədək sərgilərdə iştirakını dünyanın 30-dan yuxarı ölkəsindən 300-dən çox şirkət təsdiq edib.