Azərbaycana ət idxalı kəskin artıb

09:56 - 7.07.2026


7 iyul, Fineko/abc.az. Bu ilin ilk 4 ayında Azərbaycana ət idxalı kəskin artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-aprel aylarında ölkəyə 18124,7 min dollar dəyərində 4 min 776,7 ton iribuynuzlu heyvan əti gətirilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 44,3 faiz, kəmiyyət baxımından isə 47,2 faiz çoxdur.

Ekspertlər hesab edirlər ki, idxalın artmasının əsas səbəbi daxili bazarda ətin bahalaşmasıdır. Qiymətlər yüksəldikcə xaricdən ət gətirmək idxalçılar üçün daha sərfəli olur. Bahalaşmanın arxasında isə həm tələbatın artması, həm də ölkədə saxlanılan heyvanların sayının azalması dayanır.

Heyvandarlıqda xərclərin artması da qiymətlərə təsir edən əsas amillərdən sayılır. Yem, saxlanma və yetişdirmə xərcləri yüksəldikcə yerli istehsalda maya dəyəri artır. Bu isə daha ucuz istehsal imkanlarına malik ölkələrdən idxalı stimullaşdırır.