"Fitch" Türkiyə üzrə proqnozlarını yenilədi: İnflyasiya gözləntisi artdı, dolların məzənnəsi proqnozlaşdırıldı

10:58 - 5.06.2026


5 iyun, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Türkiyə iqtisadiyyatı ilə bağlı gözləntilərinə yenidən baxıb. Agentlik inflyasiya proqnozunu yuxarı yönlü dəyişsə də, pul-kredit siyasətinin bu il də sərt qalacağını vurğulayıb.

ABC.AZ xəbər verir ki, hesabatda Türkiyə iqtisadiyyatının artım templəri, milli valyutanın məzənnəsi və uçot dərəcəsi ilə bağlı yaxın 3 il üçün mühüm rəqəmlər əks olunub.

Yenilənmiş hesabatdan əsas iqtisadi proqnozlar:

Məzənnə proqnozu (USD/TRY): "Fitch"in təxminlərinə görə, dollar/türk lirəsi məzənnəsi 2026-cı ilin sonunda 51 TL səviyyəsində qərarlaşacaq. Agentlik növbəti illərdə lirənin ucuzlaşmasının davam edəcəyini və məzənnənin 2027-ci ilin sonunda 59 TL, 2028-ci ilin sonunda isə 67 TL olacağını proqnozlaşdırır.

İnflyasiya gözləntisi: Qurum inflyasiya təxminini yuxarı yeniləyərək 2026-cı il üçün il sonu inflyasiya proqnozunu 25%-dən 29,5%-ə qaldırıb. İnflyasiyanın 2027-ci ilin sonunda 22,5%-ə, 2028-ci ildə isə 18%-ə qədər geriləyəcəyi gözlənilir.

Uçot dərəcəsi (TCMB): Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sərt pul siyasətini qoruyacağı və siyasət faizinin (uçot dərəcəsinin) 2026-cı ilin sonunda 35% səviyyəsində olacağı ehtimal edilir. Bu göstəricinin 2027-ci ildə 24,5%-ə, 2028-ci ildə isə 22%-ə düşəcəyi təxmin edilir.

İqtisadi artım (ÜDM): Türkiyə iqtisadiyyatının 2026-cı ildə 2,8% (mart proqnozunda 2,6% idi), 2027-ci ildə 4,4% (mart proqnozunda 3,5% idi) və 2028-ci ildə isə 3,8% böyüyəcəyi bəyan edilib.

"Fitch"in qiymətləndirmələri göstərir ki, Türkiyədə iqtisadi artım tempinin sürətlənməsi gözlənilsə də, inflyasiya təzyiqləri hələ də yüksək olaraq qalmaqdadır.