11:06 - 21.05.2026
21 may, Fineko/abc.az. Mis kotirovkaları Donald Trampın İranla danışıqların yekun mərhələdə olduğunu bəyan etməsindən sonra dar diapazonda dalğalanır. Bununla yanaşı, hər iki ölkə yeni eskalasiya ilə bağlı qarşılıqlı təhdidlərini davam etdirir.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg yazır.
İlkin artımdan sonra metallar dolların cüzi möhkəmlənməsi səbəbindən təzyiq altında qalıb. Şanxay vaxtı ilə saat 11:04-ə olan məlumata görə, mis 0,2% ucuzlaşaraq ton başına 13 631 dollara düşüb. Digər metallar da son bir neçə gündür aydın dinamika göstərməyərək yan hərəkətdə ticarət olunur.
Donald Tramp İranla danışıqlarda irəliləyiş olduğunu desə də, razılaşma əldə olunmayacağı halda zərbələrin bərpasının mümkünlüyünü bildirib. Iran isə cavab olaraq daha genişmiqyaslı reaksiya ilə hədələyib.
Gərginlik fonunda metal bazarları gözləmə mövqeyində qalır: mis daha əvvəl süni intellekt və “yaşıl” energetika sahələrindən gələn tələbat hesabına tarixi maksimumu yeniləmişdi. Eyni zamanda, Sinqapurda dəmir filizi ton başına 106,45 dollara qədər ucuzlaşıb və tədarüklərin artması, Çində polad satışlarının zəifləməsi fonunda ardıcıl altıncı sessiyadır ki, eniş göstərir.