Ali təhsil müəssisələri ilə işəgötürənlərin əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır - Nazir

10:52 - 14.05.2026


14 may, Fineko/abc.az. Azərbaycanın ali təhsil sistemində universitetlərin əmək bazarı ilə uyğunluğunun gücləndirilməsi əsas prioritetlərdən biridir.

ABC.AZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AZCON Mühəndislik və Texnologiya Məktəbinə (AZSET) həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, tədbirdə təqdim olunan əməkdaşlıq modeli Azərbaycan ali təhsilində uzun illər arzu olunan bir yanaşmanı əks etdirir:

"Ali təhsil müəssisələrinin əsas göstəricilərindən biri onların əmək bazarına uyğunluğudur. Fundamental elmlərlə və tədqiqatlarla məşğul olan alimlərimiz çoxdur. Amma ən vacib məsələ məzunların iqtisadiyyata, ümumi daxili məhsulun artımına və ölkənin inkişafına verəcəyi töhfədir".

Nazir qeyd edib ki, bu məqsədlərə yalnız universitetlərin öz daxilində fəaliyyəti ilə nail olmaq mümkün deyil və ali təhsil müəssisələri ilə işəgötürənlərin əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır: "Təşəbbüs üzərində bir ildən artıq müddətdir iş aparılır və layihədə beynəlxalq təcrübə də mühüm rol oynayır. Azərbaycan Texniki Universiteti, Münhen Texniki Universiteti və əmək bazarının aparıcı işəgötürənləri bir araya gəlir. İnanıram ki, bu əməkdaşlıq Azərbaycan gənclərinin və tələbələrinin daha yaxşı gələcəyinə xidmət edəcək".